28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək III MDB Oyunları ərəfəsində ölkənin gənclərdən ibarət taekvondo yığması yarışlara ciddi şəkildə hazırlaşır.
Komandanın baş məşqçisi Elnur Amanov görülən işlər, qarşıdakı planlar və yarışlardan gözləntilər barədə danışıb:
“Komandanın formalaşdırılmasına ölkə çempionatından sonra başladıq. Yarışın nəticələrinə əsasən, qalib və ikinci yerin sahibləri yığmaya dəvət olundu. Bununla da III MDB Oyunlarına hazırlıq prosesinə başladıq.
Hazırlığın ilk mərhələsini başa vurmuşuq. Bu mərhələdə əsas diqqət fiziki hazırlığa yönəldildi. Ardınca idmançılara qısa müddətli istirahət verildi. Daha sonra məşqlər bərpa olundu. Federasiya bizə lazım olan bütün şəraiti yaradıb. Qarşıda iki intensiv təlim-məşq toplanışı planlaşdırılır.
Hazırlıq çərçivəsində komanda Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək. Bu yarış idmançılarımızın hazırlıq səviyyəsini yoxlamaq baxımından vacibdir. Turnirdən qayıtdıqdan sonra yığma oyunlara 20 gün qalmış son hazırlıq mərhələsinə başlayacaq. Yarışlardan bir neçə gün öncə komanda Mingəçevirə yollanacaq. Taekvondo yarışları məhz bu şəhərdə keçiriləcək.
Hesab edirəm ki, komandanın potensialı olduqca yüksəkdir. 21 yaşadək kateqoriyaya əsas yığmanın üzvləri də daxil ola bilir. Dünya Taekvondo Federasiyası bu yaş qrupu üzrə turnirlər təşkil edir ki, gənc idmançılar yarış təcrübəsindən kənarda qalmasın və böyüklər kateqoriyasına keçid etsinlər.
Azərbaycan ev sahibi kimi bu yarışlarda iki komanda ilə təmsil olunacaq — ümumilikdə 28 idmançı iştirak edəcək. Rəqabət kifayət qədər güclü olacaq: Rusiya, Qazaxıstan, Özbəkistan —dünya taekvondosunun liderləridir.
Turnirin səviyyəsi yüksək olsa da, Azərbaycan komandası layiqli çıxış etməyi qarşısına məqsəd qoyub. Gənc idmançılar üçün bu cür irimiqyaslı beynəlxalq yarışlarda iştirak həm böyük təcrübə, həm də güclü motivasiyadır. Doğma divarlar arasında çıxış etmək isə şübhəsiz ki, üstünlükdür. Ev sahibi statusu bizə əlavə motivasiya verir və komanda bu fürsətdən maksimum istifadə etməyə çalışacaq ki, azarkeşləri sevindirsin”, – deyə o bildirib.









