Azərbaycan Respublikasının gənclər və idman naziri, III MDB Oyunlarının Təşkilat Komitəsinin sədr müavini Fərid Qayıbov III MDB Oyunlarında iştirak edəcək idmançıları və onların komanda üzvlərini salamlayıb.
“Əziz dostlar!
Azərbaycan III MDB Oyunlarına ev sahibliyi etməkdən qürur duyur və ölkəmiz üçün mühüm idman tədbirlərindən birində iştirakçıları, qonaqları və azarkeşləri salamlamaqdan məmnunluğunu ifadə edir.
Özünü dünya səviyyəli genişmiqyaslı tədbirlərin etibarlı təşkilatçısı kimi tanıdan Azərbaycan dəfələrlə dünyanın müxtəlif yerlərindən ən yaxşı idmançıları və minlərlə tamaşaçını bir araya gətirən əhəmiyyətli idman tədbirləri üçün arenaya çevrilib. Azərbaycanın paytaxtı Bakı şəhərində 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2019-cu ildə Avropa Gənclər Olimpiya Festivalı, eləcə də müxtəlif illərdə bir çox idman növləri üzrə Dünya və Avropa çempionatları keçirilib.
III MDB Oyunlarını fərqləndirən məqam odur ki, bu miqyaslı yarışlar ilk dəfə ölkəmizdə paytaxtdan kənarda keçiriləcəkdir. Azərbaycanın yeddi şəhəri 23 idman növü üzrə yarışlara ev sahibliyi edəcək, yarış iştirakçılarına və qonaqlarına zəngin mədəniyyətlərini və isti qonaqpərvərliklərini nümayiş etdirəcəklər.
Oyunlar bu şəhərlərin iqtisadi, idman və sosial inkişafı üçün əlavə stimul olacaq, gəncləri ruhlandıracaq, parlaq xatirələr yaradacaq və dəyərli irs — yeni və yenilənmiş idman obyektləri buraxacaq.
Biz əlimizdən gələni etdik ki, yarışlar yüksək səviyyədə keçsin. Təcrübəli və fədakar komanda lazımi təlimlər keçdi. Əminəm ki, biz qonaqlar üçün ən yaxşı şəraiti təmin edə biləcəyik və onlar təkcə Azərbaycanda deyil, bütün MDB ölkələrində qürur duyulacaq bu idman bayramından tam zövq alacaqlar.
Bütün iştirakçılara parlaq qələbələr, qonaqlara isə xoş təəssüratlar arzulayıram.
III MDB Oyunlarında görüşərik!”
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq.