Üzgüçülük III MDB Oyunlarında ən çox medal dəsti uğrunda mübarizə gedəcək idman növlərindən biri olacaq — burada 41 medal dəsti oynanılacaq.
Azərbaycan 13 üzgüçüdən ibarət komanda ilə təmsil olunacaq. Və komanda artıq yarışlara fəal hazırlıq mərhələsindədir.
Üzgüçülük üzrə milli yığmamızın baş məşqçisi Rəşad Abdurrahmanov heyətin formalaşdırılması və qarşıdakı Oyunlarda komandanın qarşısına qoyulan məqsədlər barədə danışdı.
“III MDB Oyunları üçün idmançı kvotası müəyyənləşdiriləndən sonra biz namizədlərin seçimlərinə başladıq. Biz həm də yaş senzini nəzərə aldıq: oğlanlar üçün — 2009–2010, qızlar üçün — 2010–2012-ci illər.
Yığmamızın tərkibində bu yaş kateqoriyaya aid dörd oğlan artıq var idi: Oqtay Hüseynov, Süleyman İsmayılzadə, Fərhad Şirməmmədli və Yeqor Maynitski. Daha sonra respublika üzrə keçirilən test yarışların nəticələrinə əsasən daha dörd oğlan yığmaya cəlb olundu. Ümumilikdə heyətdə 8 oğlan idmançı var.
Qızlara gəlincə, komandada artıq 2010–2012-ci il təvəllüdlü üç üzgüçü var idi — Vlastilina Xasyanova, Mehri Abdurrahmanlı və Məryəm Cavadova. Heyəti tamamlamaq üçün əlavə seçim etdik və əvvəllər yığmada olmayan, lakin III MDB Oyunlarında çıxış edəcək daha iki qızı komandaya daxil etdik”.
R. Abdurrahmanovun sözlərinə görə, yığma komanda hazırda Su İdman Növləri Sarayında, bazar günləri istisna, gündə iki dəfə məşq edir.
“Artıq Oyunlara birbaşa hazırlıq mərhələsi başlayıb. Birinci mərhələdən sonra idmançılar 10 günlük istirahət aldılar, sonra isə məşqlərə qayıtdılar.
Sentyabrın 2-də Gəncəyə təlim-məşq toplanışına yollanmağı planlaşdırırıq. Oyunlar çərçivəsində üzgüçülük yarışlarının keçiriləcəyi hovuzda hazırlığımızı davam etdirəcəyik”.
Baş məşqçi qeyd edir ki, komanda medallar uğrunda mübarizə aparacaq.
“Düşünürəm ki, perspektivlərimiz çox yaxşıdır. Süleyman İsmayılzadə və Oqtay Hüseynovdan yüksək nəticələr gözləyirik, həmçinin qarışıq estafetdə (iki oğlan, iki qız) uğur qazanmağı hədəfləyirik. Müxtəlif üslublar üzrə estafetlərdə də çıxış etməyi planlaşdırırıq. Əsas ümidlərimiz 400, 800 və 1500 metr sərbəst üsul, həmçinin 400 metr kompleks üsulla yarışları ilə bağlıdır.
Bizim üçün yaxşı nəticə finala vəsiqə qazanmaqdır. Ən yaxşı nəticə isə, sözsüz ki, medal olacaq.
III MDB Oyunlarına bu starta xüsusi hazırlaşan ən güclü üzgüçülər, xüsusən Rusiya və Belarus idmançıları qatılacaq. Belarus yığması Avropa çempionatından sonra əsas diqqəti məhz MDB Oyunlarına yönəldib. Rəqabət ciddi olacaq: ruslar, belaruslar, özbəklər, qazaxlar, taciklər, türkmənlər — hamısı yaxşı formada olacaqlar.
Amma biz də layiqli nəticə göstərməyə və medallar uğrunda mübarizə aparmağa çalışacağıq”, — deyə o, yekunlaşdırdı.



