Gəncədə qarşıdan gələn III MDB Oyunlarına həsr olunmuş veloyürüş keçirilib.
Tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.
Veloyürüşdə federasiyanın peşəkar idmançıları və velosiped həvəskarları olmaqla 50 nəfər iştirak edib. Veloyürüş Nizami Gəncəvi məqbərəsi önündən start götürüb, Heydər Əliyev Park Kompleksində isə başa çatıb. Ümumi məsafə 10 kilometr təşkil edib.
Xatırladaq ki, III MDB Oyunları 2025-ci il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. MDB-nin 2025-ci il üçün idman paytaxtı seçilən Gəncə həmçinin 6 idman növü üzrə yarışlara ev sahibliyi edəcək.















