28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində III MDB Oyunları keçiriləcək. Proqrama daxil olan idman növlərindən biri də qılıncoynatmadır. Oyunlarda 2006–2010-cu illər təvəllüdlü idmançılar iştirak edə biləcəklər.
Azərbaycan millisi bu yarışda medallar uğrunda mübarizə aparacaq. Hazırlıq prosesi və turnirdən gözləntilərlə bağlı milli komandanın şpaqa və sablya növləri üzrə baş məşqçiləri fikirlərini bölüşdülər.
Azərbaycan millisinin şpaqa üzrə baş məşqçisi Sudef Quliyev bildirib ki, Oyunlarda iştirak edəcək heyət artıq müəyyənləşib:
“Avqustun sonunda Qusarda təlim-məşq toplanışı başlayacaq. Bu təlim-məşq toplanışında əsas diqqət fiziki hazırlığın yaxşılaşdırılmasına yönələcək. Sentyabr ayında daha bir təlim-məşq toplanışı planlaşdırılır. Ola bilsin, ölkə xaricində keçiriləcək. Sentyabr ayında, həmçinin Bakı çempionatı keçiriləcək. Burada MDB Oyunlarında iştirak edən idmançılarımız da iştirak edəcəklər. Bu Oyunlar öncəsi yaxşı sınaq olacaq”.
Şpaqaçıların perspektivlərini yüksək qiymətləndirən baş məşqçi vurğulayıb ki, idmançılarımızdan bir neçə medal gözlənilir:
“Xədicə Həsənli, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və başqaları medallar gətirə bilərlər”.
Məşqçi əlavə edib ki, digər ölkələrin tam iştirakçı siyahısı hələ məlum deyil, lakin rəqabətin yüksək olacağı gözlənilir:
“Qılıncoynatma ənənəvi olaraq Rusiya, Belarus və digər MDB ölkələrində yüksək səviyyədədir. Buna baxmayaraq, biz medallar qazanacağımıza inanırıq”.
Azərbaycan gənclərdən ibarət sablya millisinin baş məşqçisi Elxan Əhmədov isə bildirib ki, gənclər komandasının heyəti ötən mövsümün nəticələrinə əsasən formalaşdırılıb və bu heyətə bu yaş kateqoriyasında ölkənin ən güclü sablyaçıları daxildir:
“İdmançılarımız dünya və Avropa çempionatlarında artıq nəticə göstəriblər. Avqust ayında Qusarda təlim-məşq toplanışı, sentyabrda isə texniki-taktiki hazırlığa yönəlmiş təlim-məşq toplanışı keçirəcəyik”.
E.Əhmədov komandanın medallar uğrunda mübarizəyə tam hazır olduğunu qeyd edib:
“Heyətdə həm gənclər, həm də yeniyetmələr arasında özünü göstərmiş perspektivli idmançılar var. Biz mükafatlar uğrunda mübarizə aparacağıq və doğma meydan bizim üstünlüyümüz olacaq”.
Rəqiblərdən danışarkən o əlavə edib ki, Bakıya güclü komandalar gələcək:
“Rusiya ənənəvi olaraq çox güclüdür, Belarus sabit nəticələr göstərir, son illərdə isə Özbəkistanda qılıncoynatma xüsusilə inkişaf edir – ora ciddi maliyyə resursları yatırılır”.















