“Bizim hədəfimiz qızıl medallardır”: samboçularımız III MDB Oyunlarına hazırlaşır

25 Avqust 2025
“Bizim hədəfimiz qızıl medallardır”: samboçularımız III MDB Oyunlarına hazırlaşır

28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək. Bu beynəlxalq multi-idman tədbiri regionun ən güclü gənc idmançılarını bir araya gətirəcək.

Ən çox gözlənilən idman növlərindən biri isə sambo olacaq. Sambo xalçasına 2007–2009-cu il təvəllüdlü səkkiz azərbaycanlı idmançı çıxacaq. Komanda üzvləri qarşıdakı yarış üçün yüksək hədəflər qoyublar.

Azərbaycan sambo üzrə yeniyetmələrdən ibarət yığma komandasının baş məşqçisi Yaqub Abdullayev qeyd edib ki, Oyunlara hazırlıq prosesi bir neçə mərhələdən ibarət olacaq:

“Avqust ayında Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışımız keçirilir. Əsas diqqət fiziki hazırlığın yaxşılaşdırılmasına yönələcək. Sentyabrda hazırlığın ikinci mərhələsi başlayacaq – texniki-taktiki məşqlərə fokuslanacağıq. Xalça üzərində daha çox işləyəcəyik, əsas elementləri təkmilləşdirəcəyik”.

Baş məşqçinin sözlərinə görə, komandanın heyəti artıq müəyyən olunub və hazırlıq plan üzrə davam edir:

“Məşq üçün ideal şərait yaradılıb. Sambo yarışlarında səkkiz ölkədən idmançıların iştirakı gözlənilir. Bunlar ən güclü sambo məktəblərindən sayılan Rusiya, Belarus və Mərkəzi Asiya ölkələridir. Onların heyətində Avropa və dünya çempionları var. Lakin bizim yığmamız da onlardan geri qalmır: komandamızda artıq beynəlxalq arenada medallar qazanan idmançılar var. Ən yüksək nəticələrə ümid edirik”.

Azərbaycan samboçuları MDB Oyunlarında artıq öz sözlərini deməyi bacarıblar. Belə ki, 2021-ci ildə Kazanda keçirilən ilk yarışda 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq ən uğurlu komandalar sırasında yer alıblar..

“O zaman samboçular bütün idman növləri arasında ən yüksək nəticəyə imza atmışdılar. İndi isə öz doğma divarlarımız arasında həmin uğuru təkrarlamaq və daha çox medal qazanmaq istəyirik”,– deyə baş məşqçi bildirdi.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları