Fərid Qayıbov: “III MDB Oyunlarında rəqabət yüksək olacaq, amma biz öz idmançılarımıza inanırıq”

8 Avqust 2025
Fərid Qayıbov: “III MDB Oyunlarında rəqabət yüksək olacaq, amma biz öz idmançılarımıza inanırıq”

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov CBC Sport telekanalının qonağı olub və 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək III MDB Oyunları barədə ətraflı məlumat verib.

“III MDB Oyunları ölkəmizin 7 şəhərində təşkil olunacaq. Ölkə başçısının Sərəncamı ilə Oyunların Təşkilat Komitəsi yaradılıb və bu komitəyə Samir Şərifov sədr təyin olunub. Bütün dövlət qurumları Oyunların yüksək səviyyədə təşkili üçün birlikdə çalışırlar.

Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bir çox nüfuzlu yarışların təşkilində yaxından iştirak edir. III MDB Oyunlarını da məhz Bakı Şəhər Halqası ilə birgə keçirəcəyik”, – deyə nazir bildirib.

Nazirin sözlərinə görə, hal-hazırda Olimpiya İdman Kompleksində təmir işləri tamamlanmaq üzrədir. “Gəncədə Qafqazın ən böyük idman kompleksi inşa edilib – Gəncə idman sarayı. Bu qurğuda dörd müxtəlif idman növü üzrə yarışlar təşkil olunacaq. Gəncə Olimpiya İdman Kompleksində isə güləş yarışları baş tutacaq. Hazırda bu kompleksdə təmir işləri aparılır. Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında 3×3 basketbol yarışları üçün meydança qurulacaq.

Açılış və bağlanış mərasimləri isə yeni tikilmiş Gəncə şəhər stadionunda keçiriləcək. Gəncənin bu cür bir stadionuna ehtiyacı var idi və ölkə başçısının qərarı ilə şəhərdə müasir stadion inşa edilir. Düşünürəm ki, bu stadion ölkənin ən yaxşı futbol arenası olacaq və şəhərin simvollarından birinə çevrilə bilər.

Cüdo və sambo yarışları Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək. Burada təmir işləri artıq tamamlanmaq üzrədir. Bu kompleks yüksək səviyyədədir və federasiyalar mütəmadi olaraq təlim-məşq toplanışları üçün ora üz tuturlar. Göygöldə maraqlı yarışlar gözlənilir. Bütün göygöllüləri bu yarışları izləməyə dəvət edirəm

Yevlaxda yeni Olimpiya İdman Kompleksi tikilir. III MDB Oyunları çərçivəsində burada boks yarışları təşkil olunacaq. Ümumiyyətlə, kompleksdə müxtəlif idman zalları mövcuddur və gələcəkdə burada eyni anda bir neçə yarış keçirmək mümkün olacaq.

Xankəndidə oxatma yarışları baş tutacaq. Bu məqsədlə stadion əsaslı şəkildə təmir olunur. Bu proses çətindir, amma stadion Oyunlara qədər hazır olacaq. Daha sonra isə təmir işləri davam etdiriləcək. Məqsəd stadionun UEFA kateqoriyasını almasıdır ki, gələcəkdə orada milli komandamız və klublarımızın oyunları təşkil oluna bilsin.

Mingəçevirdə ənənəvi olaraq avarçəkmə yarışları keçiriləcək. Qurğunun idman kompleksində isə karate və taekvondo yarışları baş tutacaq. Şəki Olimpiya İdman Kompleksində gimnastika növləri üzrə yarışlar keçiriləcək. Həm Mingəçevirdə, həm də Şəkidə son tamamlanma işləri aparılır. Şəki şəhər stadionunda isə çövkən yarışı təşkil olunacaq. Bu yarış böyük maraqla gözlənilir.

Qəbələdə III MDB Oyunları çərçivəsində futbol turniri keçiriləcək. Bu şəhərdə çox gözəl futbol infrastrukturu mövcuddur. Qəbələ Olimpiya İdman Kompleksində isə stolüstü tennis və badminton yarışları təşkil olunacaq. Eyni zamanda Qəbələd stend atıcılığı üzrə yarışlar da baş tutacaq”.

Fərid Qayıbov qeyd edib ki, III MDB Oyunları çərçivəsində 3000 könüllü fəaliyyət göstərəcək və bu onlar üçün böyük bir təcrübə olacaq.

Oyunlardan gözləntilər barədə danışan nazir əlavə edib ki, yarışlar doğma divarlar arasında keçiriləcək və təbii olaraq, azarkeşlər daha çox medal gözləyəcək. “Hər bir federasiya bu yarışlara ciddi hazırlaşır. Mənim gözləntilərim müsbətdir. İdmançılarımızdan uğurlu çıxışlar gözləyirik. III MDB Oyunlarında Rusiya, Belarus, Özbəkistan kimi güclü idman ölkələri də iştirak edəcək. Rəqabət yüksək olacaq, amma biz öz idmançılarımıza inanırıq”.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları